1.BIMWD – 2016


Xəbər verdiyimiz kimi artıq 21-24 Aprel 2016-cı il tarixlərində keçiriləcək II Azərbaycan-Alman-Türk tibb konqresinin hazırlıq işləri başa çatdırılmış, artıq konqres çərçivəsində keçiriləcək 3 günlük treyninqlərin proqramı da hazırlanmışdır . Dünyanın davamlı tibb təhsili ilə məşğul olan aparıcı mərkəzlərinin keçirtdiyi treyninqlərin formatına uyğun olaraq konqresin bütün günlərində həkim, tələbə və rezidentlər üçün ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, damar cərrahiyyəsi, endoskopiya, ultrasonoqrafiya və radiologiya sahələrində adi sadə vərdişlərdən tutmuş ən mürəkkəb tibbi prosedurların icra edilməsinə qədər treyninqlər təşkil ediləcək. Bu treyninqlər Avropanın və dünyanın qabaqcıl ölkələrində tibb mütəxəsislərin ixtisaslaşması ilə məşğul olan mərkəzlərdə istifadə edilən ən qabaqcıl texnologiyaların istifadəsi ilə gündə 4 saat olmaqla (səhər 2 saat, günorta 2 saat) müxtəlif qruplarda və səviyyələrdə aparılacaqdır. Treyninqlərarası zamanda isə öyrədilən tibbi vərdişlərin həsr olunduğu mövzulara aid maraqlı müzakirələr və disskussiyalar da treyninq iştirakçılarının ixtiyarına veriləcəkdir. Respublikamızda ilk dəfə olaraq bu treyninqlərdə laparoskopik yoğun bağırsaq və mədə əməliyyatları, açıq olaraq mədəaltı vəz, qaraciyər və yoğun bağırsaq üzərində aparılan ən mürəkkəb əməliyyatlar, endoskopik olaraq piylənmədən əziyyət çəkən xəstələrə mədəyə ballon implantasiyası və eksplantasiyası, şişlərin endoskopik rezeksiyası, ultrasəs mütəxəsisləri üçün qabaqcıl texnologiyalardan istifadə etməklə treyninqlər və s. təşkil ediləcəkdir.

Sevindirici haldır ki, treyninqlər artıq 2 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən ALMAZ Almaniya Azərbaycan Tibbi Treyninq Mərkəzi tərəfindən təşkil edilir. Treyninqlər zamanı istifadə ediləcək digər avadanlıq və ləvazimatlar isə Avropadan gətiriləcəkdir. Treyninqlərə rəhbərlik Almaniya, İsveçrə və Türkiyədən dəvət edilmiş xarici mütəxəsisslərlə yanaşı Azərbaycanın da bu sahədə təcrübəsi olan yüksək ixtisaslı mütəxəsissləri ilə birlikdə aparılacaqdır. Bununla da biz təkcə tələbə və həkimlərin mütəxəssis kimi ixtisaslaşması deyil, həm də müxtəlif sahələrdə milli treyner kadrların da yetişməsinə töhfə vermiş oluruq.

Bu ilki treyninqlərə 25-dən çox davamlı tibb təhsili  (CME) kredit balının verilməsi gözlənilir ki, bu da tədbirin çox yüksək reytinqi olacağından və iştirakçılara veriləcək sertifikatların beynəlxalq səviyyəli olacağından xəbər verir.

Təkcə azərbaycanlı mütəxəssislər deyil, həm də Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya və Orta Asiya dövlətlərindən də həkimlərin iştirakçısı qismində treyninqlərə qatılacağı gözlənilir. İştirakçıların qeydiyyatı internet üzərində online olaraq aparılır. Konqresdə iştirak etmək istiyənlər aşağda göstərilən ünvanlardan qeydiyyatdan keçə bilərlər.

Treyninqlərin proqramı – Yüklə

workshops-2016

 

© Azerbaijan - German - Turkish Medical Congress 2015-2018